Əflatun AMAŞOV, Mətbuat Şurasının sədri
Azərbaycan Mətbuat Şurası cəbhəyanı zonalardakı gərginliyin mediada təqdimatı məsələləri ilə bağlı bəyanatını yaydı, kütləvi informasiya vasitələrinə, internet saytlara, sosial şəbəkə istifadəçilərinə səsləndi. Ümumən hər dəfə təmas xəttində həyəcan artanda Şura bu sayaq çağırışlar edir.
Bəri başdan onu deyim ki, ötən illərlə müqayisədə cəbhədəki durumun KİV-lərdə işıqlandırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. Daha doğrusu, mənfi meyllər əhəmiyyətli dərəcədə azalıb. Deməli, MŞ-nin də ictimai institut kimi həyata keçirdiyi missiya öz faydasını verir. Əlbəttə, ayrı-ayrı media orqanlarının və jurnalistlərin bu prosesdəki əməyini vurğulamaq mütləqdir. Nəhayət, Şura işini onların təklif və təşəbbüsləri əsasında qurur.
Media və monolitlik
2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə cəbhəboyu ərazilərdə yaşananlar, ordumuzun kəskin əks həmlələri Azərbaycan cəmiyyətində bəlkə atəşkəsin başlandığı dövrdən indiyədək görünməmiş ruh yüksəkliyi yaratdı. Ayrıca onu deyim ki, bu dəfə siyasi arenamızdan da nə vaxtsa nümayişini xatırlamaqda çətinlik çəkdiyimiz müsbət reaksiyalar gəldi. Müxtəlif məsələlərə münasibətdə ən barışmaz mövqeyi ilə seçilən müxalif təşkilatlar və onların rəhbərləri hakimiyyətə etimad göstərilməsinin vacibliyini əsaslandıran fikirlərlə çıxış etdilər.
Bəli, insanlarımız sosial vəziyyətindən, siyasi dünyagörüşündən asılı olmayaraq monolit mövqe ortaya qoydu. Bu xüsusda müşahidə edilən müsbət tendensiyaları dolayısıylı jurnalistikamızın uğuru kimi qiymətləndirmək mümkündür. Çünki media ictimai rəyi formalaşdıran ən başlıca institutdur. Deməli, media həssas sahədir. Mətbuat Şurası da bəyanatında jurnalistləri cəbhə xəttində baş verənlərə münasibətdə həssaslıq nümayişinə, diqqətli olmağa çağırdı.
Peşəsinə sadiq jurnalistlərimizin yazdıqlarını, sosial şəbəkələrdə bölüşdükləri fikirləri də oxudum. Düşündüm ki, jurnalistlərimiz həyati vacib məsələlərə münasibətdə ortaya qoyduqları dəst-xəttə xələl gətirən hər hansı meyl və meyllərin qarşısının alınmasında qətiyyətlidir. Həqiqi qələm sahiblərimiz fəaliyyəti mövsümi xarakter daşıyan internet saytların cəbhə ilə bağlı yayımladıqları dezinformasiyaları hiddətlə qarşılayırlar. Deməli, yuxarıda qeyd etdiklərim müsbət məqamların müşahidə olunmasında media hərəkətverici qüvvədirsə, bu qüvvənin faydalılıq əmsalına, cəmiyyətdəki imicinə hər hansı formada xələl gətirən ab-havanın aradan qaldırılması da sosial sifarişdir.
IP yarışı və ya sevincdən xəyal qırıqlığına
Mətbuat Şurasının başlıca fəaliyyəti media məkanımızın saflaşmasına yönələn təşəbbüsləri sosial sifariş kimi dəyərləndirməkdən və mövcud istiqamətdə müvafiq tədbirlər reallaşdırmaqdan ibarətdir. Qurumun nəzərəçarpacaq uğurları var. Ancaq internetin geniş vüsət aldığı indiki şəraitdə onlayn media sahəsində ilk baxışdan nəzarətsiz kimi görünən durumla baş-başayıq və az öncə haqqında bəhs etdiyim hiddət və qəzəbin formalaşması məhz bundan qaynaqlanır. Təbii, əsl jurnalistlərdə, eləcə də müxtəlif əhali kateqoriyalarında sui-istifadələrdən qaynaqlanan hiddətin yaranmasında ayrı-ayrı sosial şəbəkə profillərinin «əməyini» də vurğulamaq lazımdır. Diqqət edək, Azərbaycan Mətbuat Şurasının son iki gündəki monitorinqi müəyyənləşdirdi ki, cəhbədə gərginlik müşahidə olunmağa başlayandan sonra gözə ən müxtəlif adlarda xəbər saytları dəyir. Belə saytları bir neçə qrupa bölmək olar.
Birinci qrupa aid olanlar qarşılarına reytinq göstəricilərində irəliləməyi məqsəd qoyublar. Söhbət bildiyiniz IP yarışından gedir. Bu tip saytlar bir qayda olaraq cəbhə ilə bağlı pozitiv, ancaq fantastik hesab ediləcək xəbərlər yaymaqla məşğuldurlar.
Məsələn, ermənilərin itirdikləri canlı qüvvənin və texnikanın sayı həddən artıq şişirdirlər. İstinad mənbəyi isə cəbhəboyu zonada yaşayan yerli sakinləri göstərirlər. Belələrinin fəaliyyətinin ziyanlı tərəfi hazırlıqsız kütləyə müsbət təsir göstərərək onu xəyal qırıqlığına uğratmaqdan ibarətdir.
Məsələn, «Füzuli rayonu düşməndən azad edildi», «Cəbrayılın 4 kəndini geri aldıq» kimi sərlövhəli yazıların sonradan rəsmi təsdiqini tapmamasının bu rayonların sakinləri olan həmvətənlərimizə necə mənfi təsir göstərdiyini təsəvvürə gətirək. Çox çətindir, axı insanlar iyirmi ildən artıqdır doğma yurdlarının düşmən əsarətindən qurtulmasını böyük həsrət və səbirsizliklə gözləyirlər…
Yersiz pafosdan nifrətədək
İkinci qrupa isə əsasən xarici KİV-lərin, habelə Ermənistan saytlarının məlumatlarını yayan saytlar daxildir. Onların təqdim etdikləri materiallar məzmunca nisbətən yetkindir. Yəni əvvəlki qrupa aid edilən saytlardakı kimi adi leksik və qrammatik pozuntulara təsadüf edilmir.
Bu qrupa daxil olanlar üçün də pozitiv təqdimat tərzi xarakterikdir. Sadəcə hadisə və proseslərə yanaşmalarında ciddi yanlışlıqlar var. Bəzən heç fərqinə varmadan düşmən tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan məlumatları gündəmə gətirirlər. Yersiz pafos və nifrət ifadə edən mənasız başlıqlar da öz yerində.
Nəzərə alaq ki, biz Azərbaycan xalqı olaraq humanist təbiətliyik. İstəyimiz torpaqlarımızı düşmən tapdağından qurtarmaqdır. Vətənizim üçün vurur və öldürürük. Ancaq prinsipcə erməni mahiyyətinə xas tərzdə davrana bilmərik. Biz Azərbaycanlıyıq. Müharibəni də müharibə qaydalarına uyğun aparırıq. İstərdim ki, cəbhə ilə bağlı məlumat yayan hər bir jurnalist məsələni məhz bu tərzdə qoysun. Zənnimcə, "Düşmənə qan uddurulur”, "Düşmən qanına qəltan edilir” və digər bu sayaq sərlövhələrdən uzaq olmaq daha faydalıdır.
Təxribatın təqdimatı
Mətbuat Şurasının müşahidələri müəyyənləşdirib ki, cəbhə xəttində baş verən proseslərə yer verən internet informasiya vasitələrinin növbəti qrupu da əsasən xarici KİV-lərin materiallarını yayır. Aydın görünür ki, bu qrup Azərbaycan cəmiyyətində bədbin ab-hava yaratmaq niyyətindədir. Belələri başqa hərbi əməliyyatlar zonasında həyatını itirənləri Azərbaycan əsgərləri kimi təqdim edirlər, müxtəlif video-görüntülər yayırlar. Artıq bir sıra görüntülərin Suriyadan olduğu müəyyənləşdirilib. Bu qəbildən olan saytlar həmçinin cəbhədə döyüşən Azərbaycan əsgərlərini terrorçu İraq Şam İslam Dövlətinin (İŞİD) hərbi birləşmələri kimi təqdim etməyə və guya Ermənistana qarşı İŞİD-in mübarizə apardığını vurğulamağa çalışırlar. Beləliklə çox güman, Qarabağda baş verənlərə dini çalarlar qataraq müəyyən mənada xristian dünyasının diqqətini cəlb etmək, müxtəlif siyasi gedişlərə baş vurmaq planlaşdırılır.
Bir məqamı da nəzərə alaq ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi və diaspor təşkilatları cəbhədəki hərbi məğlubiyyəti siyasi və mənəvi qalibiyyətə çevirməyə çalışırlar. Qarabağı İŞİD-in plasdarmı olaraq göstərmək cəhdini qeyd etdim. Mövcud kampaniyada bəzi Rusiya KİV-lərinin iştirakı məlumdur. Üstəlik erməni təxribatı sosial şəbəkə profillərinə də daşınıb. Azərbaycanlı adı ilə saxta profil istifadəçiləri var ki, belə desək, erməni infodiversantları tərəfindən idarə olunur. Bu sayaq profillər vəziyyətdən asılı olaraq gah Azərbaycana qarşı açıq nifrət ortaya qoymaqla, gah erməni millətinin ünvanına məqsədli hədyanlar yağdırıb diqqəti özlərinə çəkməklə, gah da Azərbaycanın cəbhədəki uğurlarını fantastik tərzdə təqdim etməklə manipulyasiyalara yol verirlər. Bizdə olan məlumata görə, Gürcüstandakı bəzi ermənipərəst dairələrin də təxribatlara dəstəyi var. Azərbaycan Mətbuat Şurası sadaladığım məqamları diqqət mərkəzində saxlamaqda davam edir.
Hüquqi və mənəvi məsuliyyət
Azərbaycanla müharibə təkcə döyüş meydanlarında getmir. Ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsi yekun nəticə etibarilə cəmiyyətimizin haqqında bəhs etdiyim monolitliyini sıradan çıxarmağı hədəf seçib. Bu məqsədin reallaşması isə torpaqlarımızın işğalının qəbuledilməzliyi qədər yolverilməzdir. Buna görə də özünü media adına iddialı sayan hər bir təşkilat həm həssas, həm də məsuliyyətli olmalıdır. Həssaslıq peşəkarlıq göstəricisidir. Məsuliyyətlilik isə həm peşəkarlıqdan xəbər verir, həm də KİV-i fəaliyyətinin hüquqi müstəvidə müzakirə oluna bilmə ehtimalından qoruyur. Nəzərə alaq ki, cəbhə xəbərləri ilə bağlı manipulyasiyalara yol vermək eyni zamanda olduqca ciddi qanun pozuntusudur. Qanun pozuntusu isə cəzasız qalmamalıdır və qalmayacaq da".