"İnsanlar sanki bir az emosional olublar. Bu da nəinki bizdə, həmçinin dünyada baş verən sosial-iqtisadi problemlərlə daha çox bağlıdır. Amma son günlər sosial şəbəkələrdə daha çox yer alan yol polisi ilə vətəndaşlar arasında yaşanan gərginliklərin daha çox müzakirə olunması bir daha göstərir ki, bu problemlər ciddi araşdırılmalıdır. Polis haqlı oldu və ya olmadı, onun göstərişinə əməl etmək lazımdır və ondan sonra şikayət etmək lazımdır».
Bu fikirlər Milli Məclisin deputatı Çingiz Qənizadəyə məxsusdur. Qeyd edim ki, cənab deputat eyni zamanda, hüquq müdafiəçisidir. Yəni, işinin gərəyi bütün hallarda vətəndaşın yanında olmalıdır. Hətta o haqsız olsa belə. Müdafiə hüququ kutsaldır axı. Bəli, haqsızı da müdafiə etmək lazımdır. Amma cənab deputatın, yuxarıdakı fikirləri nə millət vəkilinə, nə hüquq müdafiəçisnə yaraşır. Çünki bu fikirlər Dövlət Yol Polisinin əməkdaşlarının qanunsuz, bəzi hallarda insanlıqdan kənar hərəkətlərinə don geyindirməyə çalışan DYP sözçülərinin açıqlamalarını geridə qoyur. Necə yəni, polis haqlı oldu, olmadı, tabe olmaq lazımdır. Qanunlara hörmət etmək, onlara riayət etmək hər kəsin borcudur. Amma hansısa yol polisinə boyun əyməliyəm ki, əlində «dubinka», çiynində paqon var?
Yaşadığımız cəmiyyətdə yerində olmayan nəsnələr çoxdur. Elə buna görə də hər hansı bir işimiz yolunda getmir. Çünki bir millət olaraq, qanunla aramız yaxşı deyil. Sıravi vətəndaşından tutmuş, ziyalısına qədər hər kəs qısa yolu axtarır. Biz qanuna tabe olmamışıq, çünki qanundan qorxmuşuq. Qanunların vətəndaşların həyat tərzinin yaxşılaşdırılması üçün hazırlandığını desələr də, inanmamışıq. Səbəblər var, özü də çox. Çünki bizdə qanunlarda hər zaman barmaq yeri olub. Sıravi vətəndaşlar onu yalnız «tupik»ə dirənəndə görür. O zaman da gec olur. Bir manatlıq iş olur, beş manat. Elə buna görə də bizim camaat qanunlardan uzaq qaçır.
Etiraf edim ki, mən də qanunpərəst adam deyiləm, amma elə məqamlar var ki, orda «dur» demək lazımdır. "Jek" işçisinə arayışa görə bir-iki manat vermək olar, amma oxumamaq üçün müəllimə, yaxud başqa kiməsə rüşvət vermək ayıbdan da betərdir. Polis, prokurorluq, məhkəmə, memarlıq, icra hakimiyyətləri və digər dövlət qurumlarında çalışan vəzifəli şəxslərə «şirinlik» vermək məhz, qanunpərəst olmamağımızın nəticəsidir. Amma məsələnin başqa üzü də var. Əgər mən halal pulumu verib, iş görürəmsə, onda niyə hansısa məmurun, daha dəqiq desək, yol prolisinin qarşısında boynumu bükməliyəm. Şəxsən mən nə belə qanun tanıyıram, nə də o qanunu qüvvəyə mindirənləri…
Milli Məclis dörd hakimiyyətdən biridir. Qanunlarımız bu qurumda hazırlanır, qüvvəyə minir. İndi bu qurumun təmsilçisi olan Çingiz müəllim deyir ki, vətəndaş polis haqlı oldu, olmadı ona tabe olmalıdır. Niyə qanun keşiyində durmalı olan polis haqsız olmalıdır? Mən işləyib vergi verirəm ki, hansısa haqsız polisin qarşısında boynumu büküm?
Hörmətli Çingiz müəllim, Siz haqsız polisin qarşısında susa bilərsiz, amma mən susmayacam. Çünki haqlı olarkən, susmağı tələb edən qanunu tanımıram…