Bu gün Azərbaycan prezidenti İlham Əliyev Slovakiyanın ölkəmizdə səfərdə olan xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın ölkəmizə ilk səfərinin iki ölkə arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğulayıb. İlham Əliyev səfər zamanı keçirilən görüşlərin ikitərəfli münasibətlərin inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib. Slovakiyanın XİN rəhbəri Miroslav Layçak Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycan prezidentinin regionda gedən proseslərlə bağlı fikirlərinin Slovakiya tərəfi üçün önəmli olduğunu qeyd edib. Daha sonra nazir bildirib ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Miroslav Layçak Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu vurğulayıb.