Jalə MÜTƏLLİMOVA
Dövlət televiziyasında çalışırdım. Verilişlərdən birinin redaktoru idim. Qonağımız mədəniyyət və turizm naziri Əbülfəs Qarayev idi. Verilişin başlamasına az qalmış hər şeyin yerində olduğunu yoxlamaq üçün son dəfə studiyaya girdim.
Dönüb çıxanda "xanım!” müraciətinə ayaq saxlamalı oldum. Nazir məni çağırırdı. Şəxsiyyət vəsiqəsini çıxarıb mənə göstərdi: "Əbülfəz yox, Əbülfəs, yaxşımı”...
Bildiyim şeyi mənə kimsə bir də deyəndə eləcə gülümsəyib keçirəm. Amma cənab nazirin deməsindən anladığım həm də bu idi ki, məsələ adamın yanıqlı yeridir. Yəni adətən adını titirlərdə səhv yazıblar deyə bu dəfə adam cibindən şəxsiyyət vəsiqəsini çıxarıb mənə göstərmək zorunda qalmışdı. Onda bir az da utandım, düzü. Elə bildim ki, Azərbaycan mediasına olan bütün hirsini məndən çıxdı cənab nazir. O üzdən başımı aşağı salıb, "yaxşı” deyib, efir otağına döndüm. İçi nazir özü qarışıq həm də gülmüşdük onda bu xatırlatmaya.
Hadisəni yadıma fevralın 26-da İlhamə Quliyeva ilə vida mərasimində cənab nazirin onu şəhid adlandırması olayı saldı. Düzdür, o, Azərbaycan dilində səlis danışa bilmir. Lap nazir olsa belə bilmir. Baxmayaraq ki, naziri olduğu dövlətin dilində danışa bilmək onun borcudur. Həm vətəndaş, həm də nazir olduğuna görə. Amma adam bilmir də. Neyləyək?! Özü də o zamanədə ki, indi ümumiyyətlə işini, dilini və danışığını bilməyən çox adam var, onlara "o yana dur” deyən yoxdur. Mənim sözüm və iradım nazir Əbülfəs müəllimə qədər onu belə gülməli duruma salan köməkçilərədir.
Siz adama bir səhifəlik mətni doğru-dürüst yazıb verməkdə niyə bu qədər acizsiniz?!
Ya görəsən, cənab nazirə məmləkətin nüfuzlu adamlarında biri ilə vida mərasimində ikicə dəqiqəlik çıxışı vərəqsiz etmək niyə belə çətindir. O çıxışı dəftər vərəqinə oxşayan kağızda yazmaq bu qədərmi vacib idi?!.. Və bir də adının sonunda "s” və ya "z” hərfinin yazılmasına həssas olan cənab nazir Xocalı soyqırımı günü etdiyi çıxışda nə səbəbdən xanım müğənnini də şəhidlər sırasına qoşur ki?!..
Əslində gerçəyi sizə deyim. Nazir sadəcə İlhamə xanıma da, həmin gün şəhid olan Xocalı sakinlərinə də tanrıdan rəhmət diləmək istəyib, vəssalam. Məsələ bu qədər bəsitdir. Amma onu bir dil bilməzliyi, sonra isə yanındakı köməkçiləri rəzil günə qoyub. Və baş verənlər dönüb olub Əbülfəs Qarayevin əleyhinə qara piar. Gülməlidir!Ya da deyəsən ağlamalıdır! Amma yox, deyəsən elə hər ikisidir...
Gülməlidir - ona görə ki, dövlət dilini doğru-dürüst bilməyən nazirlərimiz var. Biz də buna o qədər öyrəşmişik ki, eləcə gülümsəyib keçirik. Amma burda bir də başqa məsələ var. O da dövlətdə məmurların piar işinin bərbaddan da o tərəfdə, yəni artıq biabır gündə olmasıdır. Ən böyük biabırçılıq isə nazirin fikrini səhv ifadə eləməsinə sonradan köməkçilərin düzəliş etmək cəhdidir. "Əbülfəs müəllim demək istəyib ki”... "O filankəsə şəhid deməyib”... və sairdən ibarət həmin düzəlişlərə görə eləcə susmaq da olardı... Amma, cənablar! Əbülfəs müəllimin nə demək istədiyini kütlə anlamasa da. Anlayanlar yüz faiz anlayıb.
İndi Əbülfəs müəllim də anlamalıdır ki, bütün məmurların hədəf olduğu bir zamanda siz onun imicinə zərbə vurmusunuz. Mənasını anlamadığı bir mətni yazıb nazirin əlinə verməklə rəzil günə qoymusunuz onu. Dalınca da "nazir belə demək istəyib...” ifadəsi sadəcə o deməkdir ki, adam danışa bilmir və o, belə danışmalıydı. Bu qaş düzəldən yerdə vurub göz çıxarmaqdır. Ya işi bacarın, ya da bacarın! Olduğunuz yer bunu tələb eləyir sizdən. Sizi dövlət adına danışan adamların fəaliyyətini ictimai baxımdan yönəltməyə təyin ediblər. Dövləti də, məmurları da biabır eləməyə yox. Və bir də heç olmasa səhviniz olan yerdə susun. Üstə çıxmaq istəyiniz daha çox batırır sizi də, onu da. Siz də lütfən bizim dildə, Azərbaycan dilində danışmağı öyrənin cənab nazir! Hər dəfə "nazir demək istəyib ki...” düzəlişindən özünüzü də, bizi də xilas edin.
Yadıma düşmüşkən, naziri Azərbaycan dilini bilməyən məmləkətdə orta məktəbdə oxuyan məktəbli uşaq bu günlərdə məndən "şahə qalxmaq”, "alovlu söz”, "dəli dalğa”, "kal insan” və sair kimi sözlərin izahını istəyib. Əslində bu izahları onlara məktəbdə verməlidirlər. Amma vermirlər. Böyüyəndə bilərsiniz, deyirlər. Və gün gəlir o balacalar böyüyüb-böyüyüb nazir olur. Sonra onların da köməkçiləri günlərin birində "nazir demək istəyirdi ki...” deməli olurlar. Biz də öyrəşdiyimizdən eləcə gülüb gedirik. Dediyim odur ki, heç öyrənməyə də bilərsiniz, Əbülfəs müəllim, biz onsuz da eşidib, baxıb, gülümsəyib keçməyə öyrənən adamlarıq...
Musavat.com