Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda xarici işlər naziri Elmar Məmmədyarovun yenilənmiş Madrid prinsiplərinə dair açıqlaması müzakirə edilib. Bununla bağlı bəyanat qəbul olunub. Nazirin açıqlamasını pisləyən partiya hesab edir ki, Madrid prinsiplərinin tam mətni mətbuatda dərc olunmalı, Azərbaycan xalqı bu sənədlə tanış edilməli və sənəddə əsas prinsip kimi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli öz əksini tapmalıdır: ?Belə bir prinsipin əks olunmadığı sənədin imzalanması və orada ermənilərə öz statuslarını müəyyənləşdirmək üçün referendum keçirmək hüququnun verilməsi faktiki olaraq Qarabağın itirilməsi deməkdir?. BAXCP eyni zamanda Müsavat Partiyasını və ?Azadlıq? blokunu ABŞ-ın Qarabağın Ermənistana verilməsinə, Azərbaycanın güzəştlərə sövq edilməsinə hesablanmış çirkin oyunlarında yer almamağa, hazırkı məqamda Azərbaycana qarşı istifadə olunacaq alətə çevrilməməyə çağırıb: ?Tarix Qarabağın itirilməsini heç kimə - nə iqtidara, nə də bu təslimçi prosesi birbaşa və ya dolayısı ilə dəstəkləyən müxalifətə bağışlamayacaq?.