Alqış HƏSƏNOĞLU, "Yeni Azərbaycan" qəzetinin keçmiş baş redaktoru

Doğrusu , mənə cox qəribə gəlir və izah etməkdə çətinlik çəkirəm ki, ictimai nəzarətlə bağlı müzakirələrin səmti nədən belə dağa – daşa yönləndirilir?

Mövzü şaxələnib, mətləb üstünə gəlmək əvəzinə get-gedə mətləbdən uzaq düşürük.

Axı qos – qocaman mətbuat varsa, biz ictimai nəzarət funksiyasını kim, hansı qurum və necə yerinə yetirməlidir sualı üzərində niyə bu qədər baş sındırmalıyıq?

İctimai nəzarət o demək deyil ki, bir qurum təsis edib ictimai istiqamətini, onun emblemini seçirsən və hər şey qaydasına düşür.

Onsuz da bu cür – ictimai brendli təsisatlar yetərincədir. Təcrübə də göstərir ki, birtərəfli nəzarət cox qısa müddət ərzində inzibatiləşir, yekun olaraq nəzarət yox, əsarət mexanizmi yaranr. Bu da ki, yalnız rüşvəti, korrupsiyanı çicəkləndirən mühiti münbitləşdirə bilir.

Bu səbəbdəndir ki, son vaxtlar bizdə probem – onu həll etmək üçün yaradılmış təsisatı udur, yeyir, həzm eləyir. Və həmin struktur rəhbəri ilə birlikdə problemin ayrılmaz tərkib hissəsinə cevrilir.

Necə ki, Milli Təhlüksizlik Nazirliyi milli təhlükə "istehsal” edir, antitteror idarəsi terrorla məşğul olur, insan alverinə qarşı mübarizə insanı alıb – satır, nazir nazirdən rüşvət tələb edir…

İctimai nəzarət bir nəfərin, bir idarənin yox, hamının bir bir- birinə nəzarət edə bildiyi şəfaf bir situasiyadır.

İctimai nəzarətin mahiyyəti, nüvəsi, hərəkətverici enerji mənbəyi isə ictimai rəydir.

İctimai nəzarət o zaman çevik effektiv bir mexanizm olur ki, ölkədə hamı – uşaqdan böyüyə, məmə yeyəndən pəpə deyənə Əlahəzrət ictimai rəydən çəkinir və onunla hesablaşır.

Onda qəzet yalan yaza bilmir, qorxur ki, oxucu onu almayacaq.

Televiziya yalan danışa bilmir, qorxur ki, tamaşaçını itirsin.

Deputat yalan danışa bilmir, qorxur ki, seçici onu bitirə bilər.

Nazir büdcə müzakirəsi ücün parlamentə baş nazirin istifadə etdiyi xidməti avtomoildən qat – qat bahalı maşında gələ bilmir, qorxur ki, Milli Məclis onu cəzalandıracaq və s…

İctimai rəyin formalaşması, ictimai nəzarətin tənzimlənməsi, necə deyərlər, elə mətbuatın köhnə peşəsi, dədə-baba vəzifəsidir. Amma bir şərtlə…

Ki, mətbuat aşırı tərif və boğazdan yuxarı, məqsədli və əksər vaxtlarda isə məkrli pafos üzərində köklənməsin.

Tənqidçi mətbuat yoxdursa, məmur öz ətafinda qayğısız, problemsiz bir mikro çevrə yaradır. Belə bir zərərsizlədirilmiş əhatədə o öz kreslosunda arın – arxayın mürgüləyir, şişir, böyüyür, harınlayır və daha təmtəraqlı, geniş kabinetlərin, daha iri kresloların sevdasına düşür…

Sovet vaxtında mətbuatın gücünü ifadə edən belə bir deyim var idi. Soruşulurdu ki, nazirlə milçəyin oxşar cəhəti hansıdır və belə cavab verilirdi ki, naziri də, milçəyi də qəzetlə əzmək mümkündür.

İndi təəssüf ki, mətbuat ən yaxşı halda nazirin (eləcə də istənilən rütbəli məmurun) milçəyini qovmaqla öz işini bitmiş hesab edir.

Kimdir günahkar? Səbəb nədir?

Bəzən gileylər eişidirəm ki, qüsurlardan, nöqsanlardan yazmağa qoymurlar. Mən buna qətiyyən inanmıram. Düzdür, ola bilər ki, müəyyən direktivlər mövcuddur. Amma əminəm ki, total şəkildə "tənqid” qadağası qarşıya bir vəzifə kimi qoyulmayıb.

Burada daha cox "ağrımayan başıma niyə dəsmal bağlayım” düşüncəsi dayanır. Bu isə redaktor məsuliyyəti yox, bürokrat sayıqlığıdır. Və görünür, bu bir az da mentaldan irəli gəlir.

Tarıxdən məlumdir ki, Şoloxovun "İnsanın taleyi” hekayəsi bizimkilərin qəribə bir müqavimətilə rastlaşıb. Tərcüməçi hekayənin tərcüməsini "Azərbaycan” jurnalınına təqdim edəndə redaksiya onu çap etməkdən imtina edib.

Tərcüməci deyəndə ki , axı hekayənin orijinalı "Pravda” qəzetində cap olunub, jurnalın redaktoru cavab verib ki, nə olsun, mən öz sayıqlığımı itirə bilmərəm. Bax belə olanda, redaktor bürokrat təəssübkeşliyi və sayıqlığı ilə fəliyyət göstərəndə mətbuat bir institut olaraq heç nə qazanmır, əksinə ictimailiyini itirir.

Mətbuat ictimailiyini, daha dəqiqi sifətini itirirsə, dövlət də, hakimiyyət də bu itkidən heç nə qazanmır. O da ictimai nəzarəti itirir…

Tarixin acı dərsləri kifayət qədərdir. İctimai -siyasi sabitlik, bir qayda olaraq, "ura”yla, təriflə müşayiət ediləndə, dairə qapanır, artıq sabitlik bir faktor kimi rifaha, tərəqqiyə təkan verməkdən dayanır, sabitliyin ətalətə cevrilmə ehtimalı və təhlükəsi böyüyür…

Çıxış yolu isə birdir. Bürokratik-inzibatı təbliğat öz meydanını müstəqil və sərbəst polemika ilə paylaşmalıdır…

Qafqazinfo.az