Qazaxıstanın birinci vitse-premyeri Bakıtjan Saqintayev Aktau dəniz ticarət limanına baş çəkərək gömrük və liman məmurlarını Azərbaycan üzərindən keçib Orta Asiyaya daşınan yüklərin ləngidilməsinə görə kəskin tənqid edib.
Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, B.Saqıntayevin səfəri zamanı liman rəhbərliyi günlərdir orada gözləyən TIR-ları və onların sürücülərini "gizlətməyə” çalışıb. Lakin baş nazirin birinci müavini bundan duyuq düşüb və özü sürücülərin toplaşdığı yerə gedib.
Saqıntayev sürücülərlə söhbət edib vəziyyəti öyrəndikdən sonra liman rəhbərliyini və gömrük xidmətini sərt tənqid edib.
"Mən özümü sürücülərin yerinə qoydum, kimin nəyə cavabdeh olduğunu, kimin nəyi həll etdiyini araşdıranda başım fırlandı. Onların yerinə mən də olsam bu cəhənnəmdə fırlanmamaq üçün rüşvət verib canımı qurtarardım. Burada insani yanaşma yoxdur. Sürücülər 7 saata bütün xidmətlərin nəzarətindən keçib buradan canlarını qurtarsa xoşbəxt olar. Lakin faktlar var ki, onlar burada 10, 15 gün də qalmalı olurlar. Belə vəziyyət davam edə bilməz”, - baş nazirin birinci müavini deyib.