Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyətinin müzakirə edildiyi görüşdə müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlərini səfirin diqqətinə çatdırıb. Nazir bildirib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər. ?Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır?, deyə S.Əbiyev vurğulayıb. Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.