Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Bernsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb və bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə edib. Prezident İlham Əliyev Uilyam Bernsin ölkəmizə səfərinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı və əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ölkəsinin Azərbaycan ilə münasibətlərə çox böyük əhəmiyyət verdiyini vurğulayıb və ABŞ-ın bu münasibətləri daha da möhkəmləndirmək əzmində olduğunu deyib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.