Yanvar ayının 19-da milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun rəhbərliyi ilə nazirliyin şəxsi heyəti 20 Yanvar Faciəsinin 20-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Nazirliyin şəxsi heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sonra Milli Təhlükəsizlik Nazirliyin şəxsi heyətinin adından ?Əbədi məşəl? abidə kompleksinin önünə əklil qoyulub. Anım mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin əməkdaşları vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş təhlükəsizlik orqanlarının şəhid olmuş əməkdaşlarının məzarlarını da ziyarət edərək, məzarları üzərinə gül dəstələri düzüblər.