Dünən axşam saatlarında Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara balıq mühafizə Müfəttişliyinin 3 əməkdaşının olduğu qayıq reyd zamanı aşıb və bədbəxt hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qayığın aşması nəticəsində həmin şəxslər çaya düşüblər. Onlardan ikisi üzərək sahilə çıxmağa müvəffəq olub, 1953-cü il təvəllüdlü Əbülhəsən Kəmaləddin oğlu Cavadov isə batıb. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər Əbülhəsən Cavadovun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:00-da başa çatıb.