Azərbaycan prezidenti İlham Əliyevinin fərmanına uyğun olaraq, yanvarın 1-dən ölkədə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq. Fərmanın tələblərinə uyğun olaraq, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.