Bakının Suraxanı rayonunda yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, partlayış noyabrın 24-ü gecə saatlarında Suraxanı qəsəbəsi, 2-ci mədən, ev 60 ünvanında olub. Hadisə zamanı ev sahibi və həyat yoldaşı- 1975-ci il təvəllüdlü Çömlək Xəlil və 1976-cı il təvəllüdlü Ruqiyyə Kazımova ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Ümumi sahəsi 10 kvadrat metr olan 1 otaqlı fərdi yaşayış evində meydana gəlmiş partlayış zamanı evin divarları zədələnib, qapılar isə çərçivədən çıxıb. Partlayış nəticəsində yanğın hadisəsi olmayıb. Partlayışa yeraltı qaz boru xəttində yaranmış qaz sızmasının səbəb olduğu ehtimal olunur.