Dünən Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunub. Türkiyənin ?STAR TV? telekanalının yaydığı məlumata görə, bir saatdan çox davam edən görüşdən sonra Z.Həşimov şərh verməkdən imtina edib. Səfir Zakir Həşimov ANS PRESS-ə bildirib ki, onun Xarici İşlər Nazirliyinə çağırılması rəsmi dəvət əsasında olmayıb. "Bu mənim, Xarici İşlər Nazirliyində keçirdiyim ənənəvi görüşlərimdən biridir. Görüş bayraq məsələsi ilə bağlı keçirilməyib". Qeyd edək ki, Türkiyədə siyasi ekspertlər hesab edirlər ki, səfirin XİN-ə çağırılmasının bir neçə səbəbi ola bilər. Səbəblərdən biri oktyabrın 21-də Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya səfəri ola bilər. Digər bir səbəb Ankaranın Bursada Ermənistan və Türkiyə yığmaları arasında futbol matçına Azərbaycan bayrağının buraxılmaması ilə bağlı izahatı ola bilərdi. Daha bir səbəb Bakıda Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirə lövhəsindən Türkiyə bayraqlarının çıxarılması ola bilərdi. Ümumiyyətlə isə, ekspertlər vəziyyəti ?ikitərəfli münasibətlərdə böhranın davam etməsi? kimi qiymətləndirirlər. Azərbaycan Xarici İşlər Nazirliyi hələlik səfirin Türkiyə xarici işlər nazirliyinə çağırılması ilə bağlı şərh vermir.