Bu gün Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Belarusa rəsmi səfərə yola düşüb. Nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Xudiyev, Ərəstun Cavadov və digər rəsmi şəxslər daxildirlər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, səfər zamanı Azərbaycan parlamentinin sədri O.Əsədov Belarus Prezidenti Aleksandr Lukaşenko, Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko və Respublika Şurasının sədri Boris Batura ilə görüşəcək. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın bu günü və inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə müzakirələr aparılacaq. Səfər zamanı Belarusun və Azərbaycanın parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.