Kanadada qripin daha bir növü aşkarlanıb. ?At qripi? adlanan bu virus ağcaqanadlar vasitəsilə atlara keçir və nəticədə heyvan tələf olur. Nadir hallarda xəstəlik insanlara da bulaşa bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov əhalini narahat olmamağa çağırıb: ?Bu xəstəlik insanlar arasında yayılmır. Bir müddət öncə də ev quşlarında buna bənzər xəstəlik olduğu barədə xəbərlər yayılmışdı. Lakin bu xəbərlər öz təsdiqini tapmadı. Bu xəbər də hələki rəsmi şəkildə təsdiq olunmayıb. Əgər xəbər təsdiqini taparsa lazımi tədbirlər görüləcək?. Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə mia.az-a deyib ki, hələki Beynəlxalq Epizootik Büronun məsələylə əlaqədar rəsmi məlumatı yoxdur: ?Əgər həmin ölkədə bu qripin olduğu rəsmi şəkildə aşkarlanarsa lazımi profilaktik tədbirlər görüləcək. Yəni xəstəliyin ölkəmizə keçməməsi üçün müvafiq işlər görülməsinə dair sərəncamlar veriləcək?. Bundan əlavə Y.Xanvəli bildirib ki, Kanadadan ölkəmizə heç bir məhsul gətirilmir.