Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan leysan xarakterli yağışlar nəticəsində bölgələrə dəyən ziyanla bağlı açıqlama yayıb. FHN-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, respublikanın bəzi qərb, şimal-qərb və cənub rayonlarında leysan xarakterli yağışlar səbəbindən yaşayış evlərinə, təsərrüfat sahələrinə ziyan dəyib. Hazırda leysan yağışlarının nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür, müvafiq komissiyalar tərəfindən yerlərdə dəymiş ziyan müəyyənləşdirilir. Məlumatda bildirilib ki, ən çox zərər Hacıqabul rayonuna dəyib. Rayon mərkəzində və Nəvahi kəndi ərazisində 1500 ev ziyan çəkib, 51 ev uçub. Hacıqabul mərkəzində aparılmış quruculuq işlərinə və kommunikasiya xətlərinə isə bir milyon manat dəyərində ziyan dəydiyi bildirilib. Fərdi yaşayış evlərinə dəyən ziyanın ümumi miqdarı yaradılmış komissiyanın mütəxəssisləri tərəfindən hesablanır. Hər birində 5 nəfər olmaqla yaradılan iki briqada zərər çəkmiş bütün fərdi evlərdə aktlar tərtib edir.