Azərbaycan Silahlı Qüvvələrinin əsgəri intihar edib. Müdafiə Nazirliyinin Tərtər rayon ərazisində yerləşən ?N? saylı hərbi hissəsinin əsgəri 19 yaşlı Tofiq Əliyev postda olarkən avtomatla özünü öldürüb. Əsgərin əmisi Yadigar Əliyev ANS PRESS-ə bildirib ki, qardaşı oğlu T.Əliyev 2009-ci ilin sentyabrında Astara rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Xidmətinin bir ili tamam olduğundan məzuniyyətə gəlib və sentyabrın 11-də məzuniyyətini başa vuraraq hərbi hissəyə yollanıb. Əsgərin əmisi qeyd edib ki, elə həmin axşam T.Əliyev zəng edərək mobil telefon üçün kontur istəyib. Kontur ona yükləndikdən sonra əlaqə kəsilib. Sentyabrın 13-də onun meyiti gətirilib. Y.Əliyevin sözlərinə görə, qardaşı oğlunun özünü öldürməsi barədə onu gətirən hərbiçilərdən eşidib. Müdafiə Nazirliyinin mətbuat xidməti iş günün sonu olmasını əsas gətirərək faktı nə təsdiq, nə təkzib edib.