AXCP-nin sədr müavini Fuad Mustafayevin istefa səbəbləri məlum deyil
AXCP-nin sədr müavininin siyasətdən getməsi hakimiyyətin qəddarlığı ilə əlaqələndirilir
Müxalifət düşərgəsinin sıraları getdikcə seyrəlir. Bu seyrəlmə son iki ildə özünü daha çox Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) timsalında büruzə verir.
Belə ki, AXCP-nin iki gün öncə keçirilən Rəyasət Heyətinin iclasında partiya sədrinin müavini Fuad Mustafayevin siyasətdən və tutduğu vəzifələrdən istefası ilə bağlı ərizəsinə baxılıb və qəbul olunub. F.Mustafayevin gözlənilmədən həm siyasətdən getməsi, həm də AXCP sədrinin müavini postundan istefa verməsinin səbəbləri isə məlum deyil. Daha doğrusu, onun istefasının əsas səbəbləri açıqlanmır.
Məsələyə aydınlıq gətirmək üçün F.Mustafayevlə əlaqə yaratmaq cəhdlərimiz nəticə vermədi. AXCP sədrinin digər müavini Nurəddin Məmmədli isə F.Mustafayevin tutduğu vəzifədən istefa verməsində və siyasətdən getməsində hər hansı bir problem olmadığını dedi: "Bu hər bir adamın şəxsi işidir. Mən, Fuad bəyin seçiminə hörmətlə yanaşıram. Onun siyasətdən getməsini hakimiyyətin qəddarlığı ilə izah etmək lazımdır. Fuad bəyin səhhətində də müəyyən problemləri var idi. Artıq o, səhhəti ilə ciddi şəkildə məşğul olmaq istəyir. Şəxsən mən, bu hərəkətdə qeyri-adi, qınanılacaq bir şey görmürəm".
N.Məmmədli onu da vurğuladı ki, hər bir adamın siyasi mübarizədən gedə biləcəyi hədd var: "Hər bir adamın müəyyən həddə qədər imkanları var ki, psixoloji və fiziki gərginliyə tab gətirsin. Ona görə də bu cür hərəkətləri bağışlamaq olar. Bağışlanmayan odur ki, öz əqidə dostlarına xəyanət edəsən. Amma bütövlükdə hər hansı bir adamın bu və ya digər səbəbdən öz fəaliyyətindən imtina edib, başqa bir məşğuliyyət seçməsinə normal yanaşmaq lazımdır".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51