Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığı ilə Ombudsman Aparatının əməkdaşları Qobustan qapalı həbsxanasında araşdırma aparıblar. Aparatın mətbuat xidmətindən verilən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, buna səbəb son günlər adıçəkilən həbsxanada işgəncə faktlarının olması barədə yayılan məlumatlar olub. Bu müəssisədə cəza çəkən İmran Cənnətovun özünü asmağa cəhd etməsi və cərimə kamerasında işgəncələrə məruz qalması, televizor istədiyi üçün isə digər məhkum Fərrux Qarabağlının döyülərək cərimə kamerasına salınması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb. Məhkum İ.Cənnətovun hazırda istintaq altında olduğu üçün ayrı kamerada saxlanıldığı, F.Qarabağlı isə səhhəti (əsəb xəstəliyi) ilə bağlı Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərildiyi bildirilib. Ombudsman Aparatının məlumatında o da bildirilir ki, hazırda Qobustan həbsxanasında vəziyyət sabitdir.