ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza avqustun 11-dən 13-dək Azərbaycanda səfərdə olacaq. Birləşmiş Ştatların ölkəmizdəki səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində M.Brayzənin Azərbaycanın rəsmi şəxsləri, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Danışıqların əsas mövzusu yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri olacaq. Amerikalı həmsədr, həmçinin təhlükəsizlik və enerji, eləcə də demokratik institutların gücləndirilməsində birgə maraqlara dair davam edən ABŞ-Azərbaycan tərəfdaşlıq məsələlərini müzakirə edəcək.