Azərbaycan Dövlət Dəmir Yolu AH1N1 virusu (?donuz qripi?) ilə əlaqədar tədbirlər planı həyata keçirir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, bütün müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılır: ?Təhsil ocaqlarının, məcburi köçkün və qaçqınların məskunlaşdığı yerlərdə dezinfeksiya işləri həyata keçirilir. Qatar bələdçilərinə təlimatlar verilib və onlar sanitarlar qaydaları ilə bağlı məlumatlandırılıblar. Əgər qrip yayılmağa başlayarsa, ilkin tibbi yardımı göstərmək üçün qatarlarda həkim briqadaları ayrılıb. Həmin briqadalar qatarı sərhəddən Bakıyadək və əks istiqamətdə müşayiət edəcəklər. Artıq Dəmiryolu xəstəxanasında xəstələr üçün yerlər də ayrılıb?. N.Əzməmmədov deyib ki, xəstəliklə əlaqədar qatarların hərəkətində heç bir dəyişiklik yoxdur: ?Bizim tərəfimizdən yalnız təbliğat xarakterli işlər aparılır. Ölkəyə dəmiryolu vasitəsilə daxil olan vətəndaşlar sərhəddə müayinədən keçirilir. Bu işləri isə Dövlət Gömrük Komitəsi həyata keçirir?.