Bu gün Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə mülki ali məktəblərə və Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanı keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində keçiriləcək. Qeyd edək ki, saat 11:00-da başlayacaq imtahanlar günorta saat 14:00-da başa çatacaq. İmtahandan dərhal sonra nəticələrin emalına başlayacaq. Nəticələr isə yaxın iki gündə bəlli olacaq və TQDK-nın saytına yerləşdiriləcək. Məlumat üçün bildirək ki, II qrupa 25.354 nəfər sənəd verib. Qrup üzrə müsabiqə 1 yerə 3,5 nəfərdir. Bu günkü imtahanlarla ali məktəblərə keçirilən qəbul imtahanları başa çatır. Müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 25-dən avqustun 3-dək internet vasitəsi ilə ixtisas seçimi apara biləcəklər.