Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2009-cu il iyulun 21-də London şəhərinin lord-meri Alderman İan Luderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb. A.İ.Luder Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd edib. Görüşdə eyni zamanda Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, Suveren Fondlar, ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.