Bu gün Kiyevdə MDB Parlamentlərarası Assambleyası Şurasının iclası və Avropada təhlükəsizlik məsələlərinə dair Beynəlxalq parlament konfransı keçiriləcək. Bu tədbirlərdə Azərbaycanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və Milli Məclis sədrinin köməkçisi ? MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov təmsil edəcəklər. Azərbaycan nümayəndə heyəti artıq dünən Ukraynanın Kiyev şəhərinə yola düşüblər. Ukrayna Ali Radasında keçiriləcək toplantılarda Avropada təhlükəsizlik, gələcək inkişaf, hüquqi bazanın təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq. Avropada təhlükəsizliyə dair beynəlxalq konfransda MDB və Avropa ölkələrinin deputatları, ekspertlər iştirak edəcəklər. Deputatlarımız Beynəlxalq parlament konfransında və MDB PA Şurasının iclasında müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın milli maraqları mövqeyindən münasibətlərini bildirəcəklər.