Uzun müddətdən bəri daxili intriqaların məbəyi olan olan eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov istefa verib. O, bu barədə qərarını bu gün keçirilən İdarə Heyətinin iclasında açıqlayıb. Məlumatı Müstəqil İnformasiya Agentliyinə telefon açan ACP üzvlərindən biri verib. Aldığımız məlumata görə, A.Şahbazov son dövrlər onunla bağlı mətbuatda yazılanları son qoymaq üçün belə bir addım atıb. Məlum olduğu kimi, neçə müddətdir ki, Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva A.Şahbazovun sərdlik vəzifəsini yerinə yetirə bilmədiyini və istefaya getməli olduğunu bəyan edirdi. Bizi bilgiləndirən ACP-çinin sözlərinə görə, A.Şahbazov İdarə Heyətinin iclasında ?Artıq bütün bu ittihamlardan bezmişəm. Daha bəsdir, sədrlik filan mənə lazım deyil? deyərək, istefa qərarını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Məsələylə bağlı məlumat almaq istəsək də cəhdlərimiz alınmadı. Belə ki, A.Şahbazova telefon açsaq da, o, zənglərimizə cavab vermədi. Sonra isə telefonu birdəfəlik söndürdü. Yaqub Abbasovla da telefon əlaqəsi yaratmaq mümkün olmadı. A.Şahbazovun istefa verməsində xüsusi rolu olan Zəminə Dünyamalıyeva da nədənsə, telefon zənglərimizə cavab vermədi. Görünür, A.Şahbazovun ani istefa qərarı ACP-çiləri şoka salıb. Bu səbəbdən də heç biri açıqlama vermək istəmirlər. Bizə məlumat verən ACP üzvü isə hamının Rəsul Quliyevin məsələyə münasibətini gözlədiklərini bildirib. Yəqin ki, R.Quliyev partiyasının sədrinin istefasına münasibət bildirəndən sonra ACP-dəki qarşı tərəflərin mövqeyi bəlli olacaq.