Bu gün ölkənin bütün ümumtəhsil məktəblərində son zəng tədbirləri keçiriləcək. Artıq Bakıdakı məktəblərin hamısında bayrama hazırlıq tədbirləri başa çatıb və hər bir məktəbin həyətində şagirdlərin şənlənməsi üçün lazımi şərait yaradılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı deyib ki, bayram tədbirləri ilə əlaqədar mayın 29-da axşam saatlarından etibarən bütün məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Əvvəlcədən qərara alındığı kimi, şagirdlər üç saat ərzində məktəbin ərazisindən kənara çıxmamaq şərti ilə istədikləri kimi şənlənə biləcək. Saat 13.00-da isə son zəng tədbirləri başa çatacaq. Qeyd edək ki, Təhsil Nazirliyi son zəng günü məktəblilərə Milli Parkda ənənəvi gəzintiyə çıxmamağı məsləhət bilib. Ancaq məzunlar səhər saatlarından küçələrdə gəzişməyə başlayıblar.