Rusiyanın baş naziri Vladimir Putin bu gün "Eurovision-2009"-un final mərhələsinin keçiriləcəyi Moskvanın "Olimpiya" idman kompleksinə gedərək, yarışamaya hazırlığın gedişiylə maraqlanıb. Rusiyanın xəbər agentliklərinin məlumatına görə, Vladimir Putin ilk olaraq jurnalistlər üçün yaradılan şəraitlə tanış olub. Putinə məlumat verilib ki, ümumilikdə yarışda 2500 jurnalist akkreditə olunub. Baş nazirə mətbuat konfransları üçün nəzərdə tutulmuş 500 nəfərlik zalı da təqdim ediblər. Daha sonra Rusiyanın baş naziri iştirakçıların məşq etdiyi, həm də final konsertlərin keçiriləcəyi səhnəylə tanış olub. Vladimir Putin səhnəylə tanış olarkən səhnədə Azərbaycanı yarışmada təmsil edən Aysel və Araş cütlüyü məşq edirmişlər. Rusiyanın baş naziri Azərbaycan nümayəndələri ilə görüşərək, onlara ürək sözlərini çatdırıb. Putin Azərbaycanı yarışmada təmsil edən cütlüyün ifa etdiyi mahnını bəyəndiyini deyib.