Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı iş üzrə istintaq şübhəli şəxs qismində saxlanılmış Nadir Əliyevə qarşı cinayətdə iştiraka dair ittiham irəli sürüb. Qaynar.info-nun ?İnterfaks-Azərbaycan? agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib. Xəbər verildiyi kimi, mayın 1-də şübhəli şəxs qismində saxlanılmış 1984-cü il təvəllüdlü N.Əliyev cinayəti törətmiş Fərda Qədirovun həmkəndlisidir. Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxsin ADNA-nın korpuslarından birinin binasında törətdiyi atışma nəticəsində 12 nəfər öldürülüb, müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib. Onun üzərindən Gürcüstan vətəndaşının ? Marneuli rayonunun Daştəpə kəndinin sakini Fərda Qədirovun adına olan sənədlər tapılıb.