Hesablama Palatasının hesabatı narazılıq yaradıb
Parlamentin bugünkü iclasında Hesablama Palatasının 2008-ci il üzrə hesabatı dinlənib. Palatanın sədri Heydər Əsədovun təqdim etdiyi hesabatda göstərilib ki, ötən il quruma əlavə səlahiyyətlərin verilməsi aparılan yoxlamaların sayını və əhatə dairəsini artırıb. 3 audit yoxlamasının, 20 ekspert-analitik araşdırmasının keçirildiyi 2007-ci ildən fərqli olaraq 2008-ci ildə 23 audit yoxlaması, 21 ekspert-analitik araşdırması və bir monitorinq reallaşdırılıb.
Palatanın bəzi üzvlərinin səlahiyyət müddətinin başa çatması və onların yenidən seçilməsi zərurəti üzündən üç audit yoxlaması və bir ekspert-analitik araşdırması 2009-cu ilə keçirilib.
Hesabat dövründə Sumqayıt xəritəsinin tərtibində və yerli büdcədən maliyyələşən büdcə təşkilatlarında dövlət vəsaitindən istifadə vəziyyətini öyrənmək üçün başlanmış audit yoxlaması sona çatmadığı üçün bu iş 2009-cu ildə də davam etdirilib.
Bundan başqa, 2008-ci ildə Ukrayna və Polşa səfirliklərində büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasını, habelə dövlət rüsumunun hesablanmasında qanunvericiliyə əməl olunması vəziyyətini öyrənmək məqsədilə başlanmış audit yoxlaması da 2009-cu ildə davam etdirilib.
H.Əsədov bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində yeni ƏDV mexanizmi tətbiq olunan mənzil tikintisi sahəsində də audit yoxlamaları aparılıb və bu iş 2009-cu ildə daha geniş xarakter alacaq.
O, Hesablama Palatasının 2008-ci ildə əsassız pensiya təminatı üzrə 2 fakt aşkarladığını və bununla bağlı Respublika Prokurorluğuna məlumat göndərdiyini açıqlayıb.
Müxalifətdən olan deputatlar H.Əsədovun hesabatını yarımçıq adlandırıblar. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn Dövlət Statistika Komitəsinin reallığı əks etdirməyən açıqlamalarına bu hesabatda heç bir münasibət bildirilmədiyini irad tutub.
Ancaq çoxluğun lehinə səs verməsi səbəbindən Milli Məclis hesabatı qənaətbəxş sayıb və qəbul edib.
?Mediaforum?
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08