Bu gün Bakı Apellyasiya Məhkəməsində ?Təzadlar? qəzetinin baş redaktoru Asif Məmmədovun (Mərzili) apellyasiya şikayətinə baxılıb. Bu barədə Lent.az-a baş redaktorun həyat yoldaşı Yasəmən Məmmədova məlumat verib. O bildirib ki, hakim Qail Məmmədov Yasamal rayon Məhkəməsinin qərarının dəyişdirilməsi, baş redaktorun azadlığa buraxılması, digər jurnalist Zümrüd Məmmədovanın barəsindəki 6 aylıq icbari cəzanın ləğv olunması barədə qərar çıxarıb. Həyat yoldaşı A.Mərzilinin yaxın dəqiqələrdə həbsdən çıxacağını bildirib. Xatırladaq ki, A.Mərzili aprelin 7-də Yasamal rayon Məhkəməsinin qərarı ilə Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 (təhqir) maddələri ilə qaldırdığı iddia əsasında 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. ?Təzadlar? qəzetinin əməkdaşı jurnalist Zümrüd Məmmədovanın barəsində isə 6 aylıq icbari cəza müəyyənləşdirilmişdi.