Bu gün Prezident İlham Əliyev yenidən qurulan Tovuz-Qovlar-Ağbaşlar
avtomobil yolunun açılışında iştirak edib. "Azadinform” xəbər verir ki,
dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və hazırkı
vəziyyətini, eləcə də rayonda görülmüş tikinti-quruculuq işlərini,
həmçinin Gənclər Evinin layihəsini əks etdirən stendlərə baxıb.
Məlumat
verilib ki, Prezident İlham Əliyevin "Tovuz rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci
il 1 may tarixli Sərəncamına əsasən 40 min nəfərin yaşadığı 35 məntəqəni
birləşdirən Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə
2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin
olaraq 3 milyon manat ayrılmışdır.
Bildirilib ki, ümumi uzunluğu
51 kilometr olan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə
2012-ci ilin oktyabrında başlanıb. Sonrakı dövrdə həmin yolun tikintisi
davam etdirilərək başa çatdırılması üçün daha 11,5 milyon manat vəsait
ayrılıb. Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr
torpaq, qum-çınqıl qarışığı yayılmış, 330 min kvadratmetr asfalt-beton
örtük salınıb.
Qeyd olunub ki, layihə çərçivəsində Əhmədabad
kəndi ərazisində Zəyəm çayı üzərində uzunluğu 62 metr olan üçaşırımlı
körpü də tikilib. Bundan başqa, yol boyunca xeyli sayda su keçidləri
tikilmiş və təmir olunub.
Rayonun sosial-iqtisadi həyatında mühüm
əhəmiyyətə malik Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolundan qonşu Gədəbəy
rayonunun sakinləri də istifadə edirlər. Yeni yolun turizmin və
bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna
əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraitinə, təbii meşə
örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn
turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə
artmışdır. Gələcəkdə turistlərə yeni xidmətlərin göstərilməsi üçün
müvafiq işlər görülür.
Yolun yenidən qurulması layihəsi
çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişi və daxili yollarında
da xeyli işlər aparılıb.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirib.
Prezident Tovuza səfər edib, yeni yolun açılışı oldu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08