Teyyub Qənioğlu,

iqtisad elmləri namizədi, dosent

Hökumətin apardığı yanlış iqtisadi siyasətin acı nəticələri özünü biruzə verməkdədir. Bu günün sonunda valyutadəyişmə məntəqələrində dolların alış  qiyməti 1.68-1.77, satışı isə 1.78-1.85 manat arasında cərəyan edib.

Bu, əslində, son 10 ayda manatın öz məzənnəsini 2.4 dəfə itirməsi deməkdir! Dünyada milli valyutası belə qısa müddət ərzində bu dərəcədə ucuzlaşan ikinci ölkəyə rast gəlmək mümkün deyildir!

Qəribədir ki, həm ölkənin iqtisadi, maliyyə siyasətinə cavabdeh olan məmurlar, həm də bəzi "ekspertlər” manatın öz dəyərini kəskin şəkildə itirməsini neftin ucuzlaşması ilə əlaqələndirirlər. Təbii, manatın öz dəyərini itirməsinin arxasında neftin ucuzlaşması dayanır.

Bəs, harada qaldı "analoqu olmayan inkişaf”, "qeyri-neft sektorunun sürətli artımı”?

Manatın kəskin şəkildə dəyərdən düşməsini neftin ucuzlaşması ilə əlaqələndirilməsi ölkənin iqtisadi-maliyyə siyasətinə cavabdeh olanların məsuliyyətdən yayındırılmasına hesablanmayıbmı? Hər kəsin yaranmış böhran vəziyyətindən tezliklə çıxmaq üçün hökumətdən təcili və ciddi islahatlar,  tədbirlər gözlədiyi halda əslində nə baş verir?

Heç nə baş vermir və ya:

 - bütün sahələrdə (istehsalda, ticarətdə, xarici iqtisadi əlaqələrdə və s.) inhisarçılıq davam edir;

- ölkə qanunvericiliyinə zidd olaraq məmur sahibkarlığı davam edir. Azərbaycanda bizneslə məşğul olmayan aşağı-yuxarı vəzifə daşıyan  bir dövlət məmuruna rast gəlmək mükün deyildir;

- bank sektoru təmamilə yüksək vəzifəli dövlət məmurlarının nəzarətindədir;

- əhalini gündəlik tələbat malları ilə, dərmanlarla  təchiz edən iri təchizat şirkətləri, eləcə də pərakəndə satış kanalları yüksək vəzifəli dövlət məmurlarının və ya onların qohumlarının nəzarətindədir;

Qeyd edilənlərin nəticəsidir ki, dolların bahalaşması nəticəsində banklardan dollarla kredit alan vətəndaşların kredit yükünün ağırlığı təmamilə onların üzərinə atılıb və banklar heç bir itkiyə (kreditlərin ödənilməsinin nisbətən gecikməsi nəzərə alınmazsa) məruz qalmırlar. Əhalini gündəlik tələbat malları ilə təçhiz edən həm topdansatış, həm də pərakəndəsatış kanalları da nəinki heç bir  itkiyə məruz qalmırlar (yenə də dövriyyənin zəifləməsi nəticəsində zaman etibarı ilə mənfəətin gec əldə edilməsi nəzərə alınmasa), əksinə qiymətləri kəskin artırılması nəticəsində hətta əlavə gəlir əldə etmiş olurlar. Deməli, reallıqda manatın sürətlə üçuzlaşmasının yükü təmamilə əhalinin üzərinə atılıb, bu isə qətiyyən yolverilməzdir!

"Ya zəlzələdən, ya da vəlvələdən” yaranmış böhran vəziyyətindən çıxmaq, böhranın doğurduğu yükün əhali, dövlət  və sahibkarlar arasında optimal bölüdürülməsi yollarını müəyyən edib həyata keçirmək əvəzinə görün nələr baş verir:

 - yaranmış böhran vəziyyətindən çıxış yollarının tapılması və reallaşdırılması yenə də ölkəni bu maliyyə-iqtisadi böhran həddinə çatdıranlara həvalə edilir;

 - inhisarçılığın, süni qiymət artımının qarşısının qətiyyətlə alınacağı bəyan edilsə də, reallıqda bu sahədə heç bir tədbir görülmür və ya görülürsə də hiss edilmir;

 - Mərkəzi Bankın rəhbərliyi əhali ilə "siçan –pişik” oyunu oynayır, əhalinin başını aldatmaqla məşğuldur - bir yandan manatın yeni devalvasiyasının gözlənilmədiyini bəyan edir, o biri yandan ölkədə fəaliyyət göstərən banklarda dolların kursunun müəyyənləşdirilməsinə heç bir müdaxilə etməyəcəyini bildirir, amma dollar/manat məzənnəsini müəyyənləşdirir, digər yandan valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərir!

Təəssüf, bu qədər əmək ehtiyatlarına, təbii sərvətlərə, əlverişli coğrafi regionda yerləşməsinə baxmayaraq, yarıtmaz iqtisadi siyasət nəticəsində ölkəmiz ağır böhran vəziyyətinə düşmüşdür. Ancaq vəziyyət heç də ümidsiz deyildir. İndiki böhranın yükünün nisbətən azaldılması, perspektivdə aradan qaldırılması üçün Azərbaycanda kifayət qədər potensial imkanlar vardır. Bunun üçün təcili olaraq, ciddi, real siyasi-iqtisadi islahatlara başlamaq lazımdır.

İlk növbədə:

- ölkənin maliyyə-iqtisadi siyasətinə cavabdeh olan, vəzifələrinin öhdəsindən gəlməyənlər  istefaya göndərilməli, onlar peşəkarlarla əvəz edilməlidir;

- məmur sahibkarlığına son qoyulmalı, Azərbaycan qanunlarına uyğun olaraq məmurlara biznes fəaliyyəti ilə məşğul olmaq qadağan edilməli və buna ciddi nəzarət edilməlidir. Qanunu pozanların mülkiyyəti milliləşdirilməlidir;

- süni qiymət artımının qarşısının alınması üçün təsirli tədbirlər görülməli, buna mane olanlar maliyyə və inzibati qaydada ciddi cəzalandırılmalıdır;

- gömrükdə şəffaflıq artırılmalı, sahibkarların, vətəndaşların haqsız "incidilməsinə” son qoyulmalıdır;

- vergi məmurlarının, icra başçılarının sahibkarlardan tələb etdikləri qanunsuz yığımların qarşısı ciddi şəkildə, real olaraq alınmalıdır, sahibkarlıq fəaliyyətinə himayədalığın qarşısı alınmalıdır;

- ən əsası-sahibkarlıq fəaliyyətinin formalaşması, inkişafı qarşısında mövcud süni əngəllər real olaraq aradan qaldırılmalıdır, yerli təbii şərait, təbii ehtiyatlar,  mövcud ənənəlr, əmək ehtiyatları nəzərə alınaraq regionlarda sahibkarlığın inkişafı, xüsusilə də, istehsal sahələrində, stimullaşdırılmalıdır;

- ölkədə böhran vəziyyətinin  mövcudluğu, işsizliyin günbəgün artdığı şəraitdə dövlət müəssisələrində işçilərin ixtisarı dayandırılmalı, bu həm də, sahibkarlara tövsisiyyə olunmalıdır.