Yeni Azərbaycan Partiyasının müxtəlif dairələrdən irəli sürdüyü namizədləri içərisində xeyli tanınmış persona olsa da eyni zamanda siyahıda adları siyasi palitraya o qədər də bəli olmayan maraqlı şəxslər də var.
Partiyanın 6 saylı Culfa-Babək seçki dairəsi üzrə irəli sürdüyü namizəd Ülviyyə Həmzəyevadır. 1982-ci ildə anadan olan Ü. Həmzəyeva Naxçıvan Rəssamlar Birliyinin sədridir.
YAP 63 saylı Sabirabad seçki dairəsi üzrə isə Elçin Quliyevi namizəd olaraq göstərib. MSK-nın deputatlığa namizəd kimi rəsmən qeydə aldığı 55 yaşlı E.Quliyev Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəridir.
Hakim partiyanın 102 saylı Samux –Şəmkir seçki dairəsi üzrə namizədi Rail Həsənovdur. 58 yaşlı R. Həsənov Samux dövlət toxumçuluq idarəsində işləyir.
YAP 107 saylı Qazax seçki dairəsində isə neftçinin namizədliyi üzərində dayanıb. Hakim partiyanın siyahısında olan Zeynal Əhmədov "SOCAR PETROLİUM” QSC-nin 7 saylı Qazax neft terminalı bazasının direktorudur.
Hakim partiya Şəkidən namizəd seçərkən müəllimlər üzərində dayanmağı lazım bilib. YAP-ın 114 saylı Şəki kənd birinci seçki dairəsindən namizədi olan Xanlar Ağabəyov Böyük Dəhnə kənd 2 saylı orta məktəbində müəllimdir.
115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə namizədi də təhsil sektorunda çalışır. 42 yaşlı Elçin Qarayev H. Əliyev adına Kiş kənd 1 saylı tam orta məktəbinin direktorudur.
YAP 121 saylı Laçın seçki dairəsində isə bank sektoruna üstünlük verib. Bu dairədən hakim partiyanın namizədi olan 40 yaşlı Mahir Abbaszadə Zamin Bank ASC-nin filial müdiridir.
Xatırladaq ki, MSK-nın qərarı ilə adları çəkilən şəxslərin deputatlığa namizədliyi rəsmən təsdiqlənib. (strateq.az)