Daxili işlər naziri Ramil Usubovun əmri ilə Yasamal rayon Polis İdarəsinin müstəntiqi Elvin Yusifov polisdən xaric edilib. 

 Bu barədə istiqlal.az-a polis orqanlarındakı mənbələrdən məlumat daxil olub.
 
Mənbənin sözlərinə görə, cinayət işlərinin açılmasında səriştəsizlik göstərdiyinə, vəzifə funksiyalarının öhdəsindən gələ bilmədiyinə görə, E.Yusifov təkcə vəzifəsini yox, həm də karyerasını bitirib – o, polis sistemindən də  xaric edilib. E.Yusifovun icraatında olan cinayət işlərinin əksəriyyəti açılmamış qalıbmış.
 
E.Yusifovun icraatında olan açılmamış cinayətlərdən biri də tanınmış jurnalist Laçın Məmmədovanın (Laçın Səmla) evinin qarət olunmasıdır. Jurnalistin evi bu ilin martın 29-da qarət olunub. Ancaq indiyə qədər heç bir istintaq hərəkəti aparılmayıb. Jurnalist müstəntiqin fəaliyyətsizliyi ilə bağlı nazirə şikayət ünvanlamışdı.