Daxili İşlər Nazirliyində I Avropa Oyunları zamanı ictimai asayişin qorunmasında qarşıya qoyulan tapşırıqların və təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələrin yerinə yetirilməsində fərqlənən bir qrup əməkdaşa mükafatların təqdim olunma mərasimi keçirilib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilini məmnunluqla xatırladıb. I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələrək əsil vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdikləri vurğulanıb. Yarışların ölkənin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün böyük bir fəaliyyət ortaya qoyulduğu, belə nümunəvi və fədakar xidmətin həm xalqımız, həm də ölkəmizə gəlmiş çoxsaylı qonaqlar, turistlər və idmançılar tərəfindən razılıqla qarşılandığı qeyd edilib.