İyunun 12-də Bakıda başlayacaq Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda çox ciddi hazırlıq və təhlükəsizlik tədbirləri görülüb.
Hakimiyyət bu tədbirin Azərbaycan üçün "ÇP”siz keçməsinə və ölkədə bu ərəfədə hər hansı xoşagəlməz hadisənin baş verməməsinə çalışır. Bu cür beynəlxalq əhəmiyyətli tədbirə, dünyanın gözünün Azərbaycanda olduğu bir zamanda hakimiyyətin bu oyunlara son dərəcə əhəmiyyət verməsi və yüksək təhülkəsizlik tədbirləri görməsi başadüşüləndir.
Azərbaycan cəmiyyəti də hakimiyyət kimi bu tədbirin ölkə üçün problemsiz keçməsini istəyir. Buna görə də təhlükəsizliklə bağlı görülən tədbirlərin bir çoxu hətta əahalinin hərəkət istiqamətlərində və bir sıra digər məsələlərdə müəyyən narahatlıq yaratsa da, bu anlayışla qarşılanır.
Gunxeber.com-a daxil olan məlumata görə, ölkədə görülən təhlükəsizlik tədbirləri artıq həbsxanalara da tətbiq olunmağa başlayıb. Bununla bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, oyunlar başa çatanadək bütün həbsxanalar daha ciddi, xüsusi və gücləndirilmiş iş rejminə keçiriləcək.
Məlumatda artıq bir sıra dustaqların davranışlarına xüsusi nəzarət edildiyi bildirilir. Məlumatda qeyd olunur ki, bu oyunlar zamanı bəzi dustaqların azadıqdakı yaxınları ilə təmaslarına da xüsusi nəzarət edilməsi planlaşdırılır.
Penitensiar Xidmətin rəhbərliyi xüsusən də kriminal aləmlə bağlılığı olan dustaqların davranışlarına xüsusi diqqət yetirilməsini məqsədəuyğun sayır.
Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.