Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin
sabiq sədri Cahangir Hacıyevin fəaliyyəti təftiş olunur. Bu səbəbdən onun "Bank
Technique” və ya digər bir strukturun başına gətiriləcəyi xəbəri doğru deyil.
Bu sözləri Mia.az-a Cahangir Hacıyevin "Bank
Technique”yə sədr gətiriləcəyi xəbərinə münasibət bildirən ABB-nin adının çəkilməsini
istəməyən əməkdaşı deyib. Onun sözlərinə
görə, C.Hacıyevin həmin bankın başına gətiriləcəyi xəbəri indiki halda qeyri-mümkün
görünür:
«Cahangir Hacıyev elə bir səhv buraxıb ki, bu səhvi
onun sələfi, yəni ABB-nin özündən əvvəlki sədri, hazırda Rusiyada qaranlıq bizneslə
məşğul olan Fuad Axundovun özü belə buraxmayıb. Mətbuatda bunun çox cüzi bir
hissəsinə toxunulub. O, Mərkəzi Bankın 21 fevral qərarı ərəfəsində çox böyük məbləği
ifadə edən manatı dollara dəyişdirib. Ozü də bunu öz yaxınları və şirkətləri üçün
planlı təşkil eləyib. Bu və ya digər məqamları nəzərə aldıqda isə, onun yenidən
hansısa bir bankın başına gətiriləcəyi inandırıcı deyil. Tam əksinə, Azərbaycan
Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin nəzarətində olan şirkətlərin
də «əl dəyişməsi» məsələsi üzərində ciddi işlər aparılır ki, bu da onunla bağlı
planın daha ağır olacağından xəbər verir».
Müsahibimiz hazırda Cahangir Hacıyevin nəzarətində
olan «Yeni Həyat» Şirkətlər Qrupuna daxil olan MMC-lərin sərəncamında olan daşınar
və daşınmaz əmlakların da təftiş olunduğunu deyir: «İndi Cahangir Hacıyevin təkcə
bankdakı keçmiş fəaliyyəti deyil, həm də biznesi təftiş olunur. Onun nəzarətində
olan «Yeni Həyat» şirkətlər qrupuna daxil olan MMC-lərlə yanaşı, «AAAF Park», «Akkord»
kimi şirkətlərlə hansı "şərtlər”lə əməkdaşlıq etdiyi də əsas araşdırma mövzusudur».
Məlumatlı şəxsin sözlərinə görə, həmin şirkətlərin
Cahangir Hacıyevlə bağlılığının qoparılması istiqamətində də ciddi işlər aparılır:
«Düşünürəm ki, Cahangir Hacıyev buna müqavimət göstərə bilməyəcək. Zatən, onun belə
imkanı da yoxdur. Əks halda, onun barəsində cinayət işi açılaraq, həbsi də gündəmə
gətiriləcək. Bütün bunlar isə onun yenidən "dirçəldilməsi”nin qeyri-mümkün
olduğunu göstərir».
Cahangir Hacıyevin Londona köçməyə hazırlaşması
haqda ötən həftə mətbuatda yayılanlara gəlincə, müsahibimiz «Bu, bir qəzetin fantaziyasıdır.
Onun Londona köçməsi indiki vaxtda qətiyyən mümkün deyil. Sizcə, ölkədən çıxışına
məhdudiyyət qoyulan, fəaliyyəti təftiş olunan bir şəxsin rahatlıqla əl-qolunu sallayaraq,
xaricə köçməsinə imkan verərlərmi? Ona görə də belə xəyal məhsullarına inanmaq lazım
deyil», - deyə, bildirib.
Mia.az