Bu gün ölkənin bəzi xəbər saytlarında "Lənkəranda bahalaşmaya etiraz
aksiyası" başlıqlı xəbərlərə rəsmi reaskiya verilib.
Lənkəran şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən açıqlamaya görə,
Lənkəranda hər hansı bir aksiya olmayıb: "Azadliq.info, avropa.info,
virtualaz.org və digər xəbər portallarında yayılan xəbərlər tam əsassız və
yalan məlumatlardır. Əvvəla Lənkəranda heç bir ticarət şəbəkəsində süni qiymət artımı
olmayıb. Hazırda da qiymətlər sabitdir. İkincisi, gün ərzində nə Lənkəran şəhər
İcra Hakimiyyətinin yaxınlığında, nə də şəhər və rayon ərazisində heç bir
aksiya və yaxud narahatedici hadisə baş verməyib. Əgər olmayıbsa, deməli, heç
yerə də polis qüvvələri göndərilməyib. Çox təəssüf ki, olmayan hadisələr haqda yalan xarakterli məlumat yayılıb”.
İcra Hakimiyyətindən bildirilib ki, bu cür yalan məlumatların
yayılması xoşagələ deyil: "Çaşqınlıq yaratmaq məqsədi ilə bu cür yalan və saxta
informasiyaları dəqiqləşdirmədən, ən azından aidiyyatı təşkilatların rəyini
öyrənmədən yaymaq həmin informasiya orqanlarının nüfuzuna xələl gətirir.
Onların obyektlivliyinə inamsızlıq yaradır. Bir daha rəsmi şəkildə bəyan edirik
ki, Lənkəranda nə süni qiymət artımı, nə də aksiya olub”.
Mia.az