Prezident İlham Əliyev bu gün Münhendə Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirilib. 

Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edilib, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Fevralın 7-də prezident İlham Əliyev Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə də görüşüb.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olunub.

Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.