Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məmurları da tənqid edib.
Dövlət başçısı kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını deyib: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.
Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər".
Mia.az xəbər verir ki,
subsidiyaların kəndlilərə paylanılması ilə bağlı Maliyyə Nazirliyi, Kənd
Təsərrüfatı Nazirliyi və digər bir neçə mərkəzi qurumun təmsilçiliyi ilə
yanaşı, rayon icra hakimiyyətlərinin yerli nümayəndələrindən ibarət yerli komissiyalar fəaliyyət göstərir. Ancaq digər qurumlardan fərqli olaraq, bu
məsələdə icra başçıları və onların ərazi üzrə yerli icra nümayəndələrinin
fəaliyyəti daha qabarıqdır. Onlar kəndlər üzrə monitorinq keçirərək, səpin
aparanların siyahısı və əkilən hektarları müəyyənləşdirirlər. Bu zaman onlar
icra başçılarının tapşırığı ilə saxtakarlığa gedərək, nəinki öz qohumlarının
adlarına saxta əkin yeri yazırlar, hətta sahələrin və fermerlərin sayının bir
neçə dəfə şişirtməkdən də çəkinmirlər. Bu hallarla bağlı bir neşə rayon üzrə
cinayət işi açılması da buna sübutdur. Ancaq maraqlı hal budur ki, daha çox
korrupsiyaya yol verilən rayonlar haqda isə tədbir görülməyib. Məsələn,
Masallıda icra başçısnın müavinin atasının adına saxta hektar yazdırıb.
Cəlilabadda isə 2014-cü ilin üçün nəzərdə tutulan və bu, 01 dekabr 2013-cü ilə
tərtib olunan sənədlərdə əks olunan 2 milyon manata yaxın vəsaitin ciddi
hissəsinin mənimsənilməsi yönündə də əsaslı şübhələr dövrü mətbuatda da
yazılıb. Amma Əziz Əzizovun rəhbərlik etdiyi rayon üzrə yoxlama aparılmayıb.
Eyni halı torpaqlarının əsas hissəsi işğal altında olan Füzuli və digər
rayonlar haqqında da söyləmək olar...
Prezidentin bu çıxışından sonra isə gözləmək olar ki, digər rayonlar üzrə də yoxlama aparılaraq, subsidiyaların paylanılmasında əsas rol oynayan rayon rəhbərləri sərt cəzalandırılacaqlar.
Mia.az