Məhbəsdə uşaq dünyaya gətiən Lamiyə Quliyeva qalmaqalına növbəti rəsmi açıqlama gəlib.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev ANS TV-yə bildirib ki, məhkumun olduğu 4 saylı cəzaçəkmə müəssisəsində L.Quliyevanın hamiləliyindən qabaqcadan məlumatlı olublar. Onun sözlərinə görə, hamiləlik dövründə dustağın səhhətinə, qidalanmasına nəzarət olunub, Lamiyə heç bir təzyiqlə üzləşmədiyini, könüllü olaraq övlad dünyaya gətirmək istədiyini bildirib.
M.Quliyev uşağın atasının kimliyinə gəlincə, bununla bağlı daxili araşdırmalar aparıldığını qeyd edib. Penitensiar Xidmətin rəisi bəzi qüvvələrin bu hadisədən sui-istifadə etdiyini də söyləyib.
Qeyd edək ki, baş prokurorun keçmiş müavini Mətləb Mütəllimli L.Quliyevanın olduğu 4 saylı cəzaçəkmə müəssisənin eks-rəisi Müzəffər Məmmədovu ittiham etmişdi.