"Bir neçə ay əvvəl Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin 3 aylıq körpənin əcnəbiyə övladlığa
verilməsi ilə bağlı bir razılıq məktubu təsadüfən əlimə keçdi və bu sahədə
illərdir aparılan söhbətlərin, uşaq alverinə qarşı mübarizənin, uşaqların və
ölkə vətəndaşlarının mənafelərinin bu Komitəyə aid olmadığı qənaətinə
gəldim".
Mia.az xəbər verir ki, bu sözləri miqrasiya məsələləri
üzrə mütəxəssis, hüquqşünas Əlövsət Əliyev deyib. O, Facebook-dakı
səhifəsində daha sonra yazıb:
"Daha sonra Nəsimi məhkəməsində Azərbaycan
vətəndaşı olan uşaqların əcnəbilərə əsassız olaraq övladlığa verilməsi ilə
bağlı əldə etdiyim qətnamələr də məndə bu halların yenidən artması fikrini
formalaşdırdı.
Uşaq Hüquqları haqqında Konvensiya, Uşaqların Müdafiəsi
və Ölkələrarası Övladlığa Götürülmə haqqında Haaqa Konvensiyası, Ailə Məcəlləsi
və digər normativ hüquqi sənədlər övladlığa götürülmənin uşağın mənafeyinə
uyğun şəkildə yerinə yetirilməsini tələb edir.
2007-ci ilə kimi uşaqların əcnəbilərə övladlığa
verilməsi açıq-aydın müəyyən şəxslər üçün qazanc mənbəyinə çevrilsə də, KİV-in
müdaxiləsi və bəzilərinin cinayət məsuliyyətinə cəlb olunması son illər bu
hallarına sayının azalmasına səbəb olmuşdu.
Əslində mövcud
qaydalara görə, yalnız AR vətəndaşı övladlığa götürmək istəmədiyi uşaq əcnəbiyə
övladlığa verilə bilər. Yuxarıda qeyd etdiyim məktubda göstərildiyim kimi, 2 və
ya 3 aylıq uşaq əcnəbilərə övladlığa verilirsə və buna ən yüksək səviyyədə
razılıq verilirsə, deməli, həmin uşaq Azərbaycan ailələrinə övladlığa götürmək
üçün təqdim olunmayıb.
2010-cu ildən
Təhsil Nazirliyində övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş
məlumat bazası yaradılıb. Fikrimcə, həmin siyahı görüntü xarakteri daşıyır.
Çünki siyahıda yalnız 8-17 yaş arasında olan sağlam uşaqlar haqqında məlumat
var. Bəs yaşı 8- dən az olan uşaqlar haqqında məlumatları necə əldə etmək olar?
Övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların əksəriyyəti 0-5 yaş
arasında olan uşağı övladlığa götürmək istəyirlər.
Azərbaycan
vətəndaşı növbə ilə uşaq götürmək istədiyi zaman Bakıya hər hansı rayondan ən
azı 15-16 dəfə gəldiyi halda əcnəbi 3 aylıq sağlam Uşağı Azərbaycana bircə
gəlişi ilə övladlığa götürə bilirsə, deməli, bu sahədə yenidən ciddi
araşdırmalar aparılmalıdır.
Ümid edirəm ki,
jurnalist dostlarım dəqiq rəqəmlərin əldə olunmasına və bu sahədəki vəziyyəti
ictimaiyyətə açıqlamağa nail olacaqlar".
Əlövsət Əliyevin
fikir və iddiası ilə bağlı Dövlət Komitəsinin mövqeyini də dinləməyə hazırıq.
Mia.az