Müəllimlər universitetdəki xoşagəlməz hallar haqqında yenidən şikayət ediblər
Gəncə dövlət Universitetinin adı rektor dəyişikliyindən sonra mətbuatın gündəmindən düşmür.
Universitetin adının çəkilməsini istəməyən müəllimləri yenə də bir sıra mətbu orqanlarına, o cümlədən «Reytinq»ə çoxsaylı şikayət məktubları göndərməkdə davam edirlər.
Müəllimlər bildirir ki, GDU-nun"Fizika və texniki fənlər" fakültəsində «bazar» açılıb: «Gəncə Dövlət Universitetinin "Fizika və texniki fənlər" fakültəsinin dekanı İldırım Qasımovun və onun müavini Yəhya Namazovun əməlləri barədə mətbuatda xəbər gedəndən sonra noyabrın 5-də İldırım Qasımov rektor Yusif Yusibova müraciət ünvanlayıb. Bu müraciətində o, əməllərini fakültənin professor-müəlim heyəti ilə bölüşməyə çalışıb. Müraciəti heç bir hərfinə toxunmadan, olduğu kimi Sizə təqdim edirik. Bunu bir dekan yazıb, imzalayıb:
«Hörmətli Yusif müəllim! 23 oktyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin rektorunun yanındakı iclasda keçirilmiş iclasda sizin Fizika və texniki fənlər fakültəsi haqqında bildirdiyiniz irad və nöqsanların aradan qaldırılması üçün fakultədə prafessor – müəllim heyəti və texniki işçilərin iclası keçirilmiş və müvafiq qərara əsasən irad və nöqsanların qısa vaxtda aradan qaldırılması üçün vacib tədbirlər planı hazırlanmışdır.Lakin buna baxmayaraq, həmin iclasdan sonra, az vaxt keçməsinə baxmayaraq, müxtəlif üzdəniraq internet saytlarında fakültənin və kafedraların professor – müəllim heyətinin adı çox pis təhqiramiz formada çəkilmişdir. Guya fakültə dekanlığının göstərişi ilə kollekviumlardan hər tələbədən 40 – 50 manat pul yığılır.
Xahiş edirik ki, şantaj və yalan xarakterli təhqiramiz hesab etdiyimiz məlumatı internet saytında yerləşdirən şəxslərin, Gəncə Dövlət Universitetinin adına xələl gətirdiyinə görə ciddi cəza verilməsi üçün ciddi tədbir görülməsinə köməklik göstərəsiniz.
Müraciəti öz imzamla təsdiq edirəm. Fizika və texniki fakültənin dekanı İldırım Qasımov».
Yazdığı cümlələrin heç vaxt nə mübtəda, nə də xəbəri yerində olmayan İldırım Qasımov müraciətində nöqsan olduğunu inkar etmir. Bu nöqsanlar isə 600 – 700 manat müqabilində "aylığa” buraxılan onlarla tələbələrdən, ən azı 500 manata I kurslarda qrup nümayəndələri təyin etdiyiniz tələbələrdən, 150 – 200 manat alıb yeni toy etmiş bəyə və ya gəlinə bir aylıq icazələrdən bəhs edir».
Müəllimlər qeyd edir ki, bu haqda mətbuatda xəbər gedəndən sonra dekan və müavini "aylıqda” olan tələbələrə təcili zəng edib, "sizin adınız internetdə yazılıb" deyərək dərhal dərslərə qayıtmağı tələb ediblər: « Bununla yanaşı, tədris binasının dəhlizində qışqıra – qışqıra söyüşlər söyüb «bu məqaləni yazan müəllimləri "Vorlara” (Kriminal Oğru) tapdıracağam. Qoy onları aparıb Kür çayının qırağında bıçaqla deşik – deşik etsinlər» deməklə deyil. Bunu etməkdənsə, heç olmasa 30 oktyabr 2014-cü il tarixində dosent Seyran Vəliyevin IV kurs fizika ixtisasında dərsi zamanı auditoriyada bir müddət lövhəyə baxıb, sonra dərsə kobud müdaxilə edərək "savadsızsan, get ərizəni yaz, çıx get ” halları da araşdırmanız, doğru olmazmı? Bu hərəkətlər hansı pedaqoji etikaya sığır? Bu hüququ, bu səlahiyyəti sənə kim verib, ay cümlələri mucuq kimi düzən dekan?»("Reytinq").
Qarşı tərəfi də dinləməyə hazırıq.