Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Mia.az xəbər verir ki, ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədi ilə:
1. "Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası” təsdiq edilsin.
2. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi
yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyanı nəzərə
almaqla, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyinin
nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
3.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyaya uyğun
olaraq Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyinin
fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının Prezidentinə məlumat
verməklə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə zəruri tədbirlər
görsün;
3.3. 2015-ci il və sonrakı illər üzrə Azərbaycan Milli Elmlər
Akademiyası nəzdində Təbiət Tarixi Muzeyinin Azərbaycan Respublikası dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı
Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası
nəzdində Təbiət Tarixi Muzeyi üçün zəruri yer ayrılmasını dörd ay müddətində
təmin etsin.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bu Fərmanın 3.2-ci bəndində
göstərilən müddətdə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi
Muzeyinin zəruri eksponatlarla təchiz edilməsini təmin etsin.