Xəbər verdiyimiz kimi, bu gün
Prezident İlham Əliyev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı
vəzifəsinə Nizami Sabir oğlu Hacıyevi təyin edib.
Bəs yeni icra başçısı kimdir?
Mia.az xəbər verir ki, yeni icra başçısı bu vəzifəsinədək Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin müavini olub. Onun tərcümeyi-halını təqdim edirk:
Hacıyev Nizami Sabir oğlu
1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1968-ci
ildə Gəncə şəhər 20 nömrəli dəmir yol orta məktəbin birinci sinfinə daxil
olmuş, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam
etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1978-ci ildə Gəncə şəhəri
Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi
Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləmişdir.
1979-cu ildə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə
daxil olmuş, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını
almış, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirmişdir.
1984-1987-ci illərdə əmək
fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirmiş, 1987-ci ilin
iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada
mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim
vəzifələrində çalışmışdır.
1989-cu ildə aspiranturaya qəbul olmuş, 1992-ci ildə aspiranturanı
bitirmişdir. Həmin vaxtdan botanika kafedrasında laborant işləmişdir.
1993-cü ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı
aparatında inspektor, həddi-bulluğa çatmayanların işləri üzrə təlimatçı
vəzifələrində çalışmış, 1994-cü ilin aprel ayında Gəncə Şəhəri İcra Hakimiyyəti
başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi,
1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam
etdirmişdir.
1999-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil,
Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən
16 mart 2012-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının
Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində işləmişdir.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301
№-li Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənmyə görə” medalı ilə təltif
edilmişdir.
Bu günə qədər isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib...