Sentyabrın 27-də erməni
silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində döyüş postunda şəhid
olmuş Silahlı Qüvvələrimizin zabiti leytenant Allahverdi Əbülfəz oğlu Baxışlı Azərbaycan
Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir
Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü
dərəcəli medalla təltif olunub.
Mia.az Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, oktyabrın 5-də Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Hacıqabul rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin nümayəndələri şəhid zabitimizin evində olublar:
"Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr
İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani Vətən uğrunda həlak olan
gənc zabitin qısa, lakin şərəfli ömür yolundan danışıb və onun təltif edildiyi
medalı şəhidin anası Solmaz xanıma təqdim edib.
Şəhidin dayısı Səmid Ələkbərov, Müdafiə Nazirliyinin zabiti polkovnik
Əlizadə Babayev, Daxili Qoşunların zabiti polkovnik Etibar İlyasov Vətən
yolunda şəhid olanların qəhrəmanlıq nümunələrinin heç vaxt unudulmayacağını,
onların bizim qəlbimizdə əbədi yaşayacağını, şəhid ailələrinin dövlətin qayğısı
ilə əhatə olunduğunu, şəhidlərimizin qisaslarının mütləq alınacağını diqqətə
çatdırıblar”.
Mərasimdə iştirak edən el ağsaqqalı Seyidəli Abbasov nə qədər ağır da
olsa qürur hissi keçirdiyini, ölkə başçısına, Müdafiə nazirliyinin rəhbərliyinə
göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
Mərasim Hacıqabul şəhidlər xiyabanının
ziyarət olunması ilə başa çatıb.
Müdafiə Nazirliyinin rəhbərliyi bir daha şəhidin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!



