"Ermənistan
kütləvi informasiya vasitələri 2013-cü ilin avqust ayında qoşunların təmas
xəttində hərbiçilərimiz tərəfindən saxlanılan və cari ilin avqust ayında
Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın
Yerevana geri qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və
erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq məlumatlar
yayıblar”.
Mia.az xəbər
verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi açıqlamada
bildirilib.
Müdafiə
Nazirliyi bildirir ki, A.İnciqulyan şüurlu surətdə döyüş postunu könüllü tərk
edərək silahı ilə birlikdə Azərbaycan hərbçilərinə təslim olduqdan sonra ona
qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Ermənistana geri
qayıtmayacağını və üçüncü ölkədə yaşamaq istədiyini dəfələrlə bəyan etmişdir.
İkincisi,
A.İnciqulyan Cenevrə Konvensiyasının tələbləri ona tətbiq edilmək şərtilə
müəyyən olunmuş qaydada və müvafiq yerdə saxlanılıb, ona qarşı nə beynəlxalq,
nə də insani qanunlara zidd olan hərəkətlər tətbiq edilməyib.
Üçüncüsü, o
müvafiq beynəlxalq təşkilatların qayğısı ilə əhatə edilib, onunla bağlı həyata
keçirilən bütün tədbirlər həmin təşkilatların nəzarəti altında icra olunub.
Dördüncüsü,
A.İnciqulyan və onunla bir yerdə saxlanılan digər 5 nəfər Ermənistan
vətəndaşından ibarət ailənin Ermənistana geri qaytarılması barədə rəsmi Bakının
dəfələrlə və təkidlə beynəlxalq təşkilatlar, o cümlədən, erməni tərəfi
qarşısında məsələ qaldırmasına baxmayaraq, hər dəfə rəsmi Yerevanın
hərbi-siyasi rejimi öz vətəndaşlarına qarşı etinasızlıq nümayiş etdirərək
onların taleyinə biganə münasibət sərgiləyib. Bu səbəbdən də hazırda
Azərbaycanda saxlanılan ermənilər Ermənistandan imtina edərək üçüncü ölkədə
sığınacaq tapmaq niyyətindədirlər.
Beşincisi,
erməni mətbuatının yaydığı şəkillərdə gümrah və sağlam A.İnciqulyanla guya
"ona qarşı Azərbaycanda təzyiqlərin və işgəncələrin verilməsi" fikri
arasında uyğunsuzluğu açıq aydın görünür və bu ermənilərin növbəti uydurması
kimi qiymətləndirilməlidir.
Altıncısı,
beynəlxalq təşkilatın himayəsi altında olan və bu kimi şəxslər barədə
konfidensial hesab edilən məlumatların, konkret olaraq hansı ölkəyə verilməsi
kimi informasiyanın gizli saxlanılması tələb olunsa da, bu barədə məlumatın
Ermənistan tərəfinə ötürülməsi də xeyli şübhə doğuran məqamlardandır.
Sonuncusu və ən əsası. Şübhə yox ki, A.İnciqulyanın yerini müəyyənləşdirən, bu məqsədlə kriminal qruplaşmalarla sıx əlaqədə olan erməni diasporunun xidmətlərindən istifadə edən Ermənistan tərəfi, onun ailə üzvlərinə və yaxınlarına təzyiq göstərməklə Yerevana guya könüllü olaraq geri qayıtdığını deməyə məcbur ediblər.
Müdafiə Nazirliyi bir daha bildirir ki, A.İnciqulyanın Yerevan aeroportunda əvvəlcədən hazırlanmış formada təmtəraqlı qarşılanması, Azərbaycana qarşı nifrət, Ermənistana isə məhəbbət dolu müsahibəsi, bu prosedurların erməni kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, onun yenidən orduya qayıdaraq xidmətinin qalan hissəsinin də çəkilməsi kimi gülünc təşəbbüslə çıxış etməsi eyni mərkəzdən, özü də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən və həyata keçirilən növbəti şoudur.