Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ciddi ittiham və faktlarla qarşı-qarşıyadır. 

Bu haqda Mia.az-a verilən məlumata görə, iqtidardakı ayrı-ayrı cüc qruplaşmalarına bağlı Azərbaycan gömrük-keçid məntəqələrinin rəisləri idxal və icrac əməliyyatlarından çox böyük vəsaitlərin büdcəyə daxil olmasını yayındırırlar: «Nəticədə başqa ölkələrin açıqladığı statistik göstəricilərlə Azərbaycan Gömrük Komitəsinin rəqəmləri arasındakı kəskin fərqlər ortaya çıxır. Belə bir kəskin fərqi günlərdə iqtisadçı Vahid Məhərrəmov da müqayisəli bəyan elədi. İqtisadçı Rusiya Rusiya Fedarativ Gömrük Xidməti ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin Rusiya ilə Azərbaycan arasındakı xarici ticarət dövriyyəsi haqqında məlumatları təqdim edib. Aydın olub ki, iki ölkə arasındakı ticarət dövriyyəsində bizim gömrükçülər təkcə ötən il 963 milyon dollar «fırladıblar». Bunu Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın iclasında Rusiya hökuməti başçısının müavini Dmitri Roqozin "2013-cü ilin yekunlarına görə, dünya bazarlarında heç də yaxşı olmayan məqamlara rəğmən, iki ölkə arasında ticarət dövriyyəsi 3.6 milyard dollar olub” sözləri də təsdiqləyir. Azərbaycan Gömrük Komitəsi isə öz hesabatında bu rəqəmdən düz 963 milyon dollar az göstərici yayıb. Bundan əlavə, eyni hal ixrac və idxal haqqında rəsmi məlumatlar da yaşanıb. Belə ki, Rusiyanın açıqladığı rəqəmlə Azərbaycan Gömrük Komitəsinin açıqladığı ixrac məlumatında 1830,8 milyon, idxalda isə 867,9 milyon dollar fərq var. 

Göründüyü kimi, bu rəqəmlər çox böyükdür. İndisə sual yaranır? Bu fərq necə yaranıb? Kimlər həmin vəsaitlərin rəsmiləşməsinə imkan verməyib və yaxud bu milyonları kimlər mənimsəyib?». 

Müsahibimiz deyir ki, bu hal qonşu İran, Gürcüstan və digər ölkələrlə münasibətlərdə də təkrarlanıb: «Buna şübhə yoxdur ki, əksər ölkələrlə münasibətlərdə gömrükçülərimiz «qoçaq» davranıblar. Ancaq açıqlanan və ortada rəsmi olan bu faktlara görə hələ ki kimsə cavab verməyib. Düşünürəm ki, burada elə məqamlar var ki, bu üz-üzə dayanan bir neçə qruplaşmanın məqsədli fəaliyyətindən də irəli gələ bilər. Hansı ki, bir neçə qrup komitə sədri Aydın Əliyevin «devrilməsi»ndə həddən artıq maraqlıdırlar. Görünən odur ki, həmin qruplar gömrükdə mənimsənilən milyonları sonda Aydın Əliyevə yükləyib, istəklərinə nail olmaq istəyirlər». 

Məlumata görə, hazırda komitədaxili mübarizədə yenidən üst səviyyəyə çıxıb: «Bu faktın özü də göstərir ki, Aydın Əliyev yenə də «sükan»ı əlindən buraxıb…».

Mia.az