Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2014/2015-cü
tədris ili üçün ilk iclası
keçirilib.
Universitetdən
Mia.az-a verilən məlumata görə, iclasda universitetin rektoru ölkədə ilk dəfə
yaradılan SABAH qruplarında 7 baza ali təhsil müəssisələri arasında ADİU-nun I
yerdə dayandığını bildirib. SABAH qruplarına müraciət edən tələbələrin üçdə
birinin İqtisad Universitetini seçdiyini deyən rektor, əlavə edib ki, bu ali təhsilin
sabahıdır. Buna görə də ADİU SABAH gənclərinin təhsil alacağı auditoriyalara fərqli
yanaşıb. Rektor bildirib ki, universitetimizi necə görmək istəyiriksə, o modeli
ilk olaraq "SABAH”da yaratmışıq. SABAH üçün yaradılan şərait bütün universitetə
şamil olunacaq.
Elmi Şurada ADİU-da
kadr potensialını artırmaq məqsədilə
görülən işlərdən də danışılıb. Bildirib ki, universitetin "İşçilərin işə
qəbulu və yerdəyişməsi” komissiyasına 309 nəfər müraciət edib. Onlardan
75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd
olunub.
İclasda
oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əmək haqqlarının 15% artırıldığı
bildirilib. Universitetin maliyyə bazası artdıqca əmək haqqlarının daha da yüksələcəyi
vurğulanıb. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə
çıxacağı təqdirdə, bir illik əmək haqqlarının həmin gün onlara təqdim olunacağı
bildirilib.
Şura üzvləri
Xüsusi İstedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil
haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti
hesabına ödənilsin.
Tədbirdə Ümumi
İtqtisadiyyat fakültəsinin adı dəyişdirilərək, İqtisadiyyat və Sənaye fakültəsi
adlandırılmasını təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.
İclasda iyun
ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən "İşçilərin universitetdaxili intizam qaydaları” ilə
"Tələbələrin universitetdaxili
intizam qaydaları” qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib.
Elmi Şurada həmçinin
ilin sonuna qədər universitetin ştat cədvəlinin hazırlanması, vətəndaşlarla
işin daha da təkmilləşdirilməsi müzakirə olunub. Qərara alınıb ki,
prorektorların qəbul günləri müəyyən olunaraq universitetin saytında yerləşdirilsin.
Şurada MBA-nın
Magistratura Mərkəzindən ayrılaraq departament kimi fəaliyyət göstərməsi səsə
qoyaraq qəbul edilib.
Mia.az